Читать бесплатно онлайн книгу  Duman cekilende
автор 

Читать полностью
Бесплатный отрывокЧитать

Parvana Saba

Duman cekilende

Fonts by «ParaType»






Contents

Proloq: İrrasional tənlik

O səhər Bakı həlli mümkün olmayan bir tənliyə bənzəyirdi. İçərişəhər, sanki tarixin özü onun konturlarını silmək qərarına gəlmiş kimi, duman arxasında gizlənmişdi. Daş divarlar Xəzərin sahilindən qalxan ağır, nəm dumanın altında nəfəs alırdı; hər addım sanki onların içindən keçərək qayıdır, görünməyən bir sirr daşıyırdı. Hər şey görünürdü, amma heç nə aydın deyildi. Kölgələr bir-birinə qarışır, addımların səsi isə torpağın dərinliyindən gəlirmiş kimi boğuq və soyuq eşidilirdi.

Leyla həmişə bu küçələrlə sakitlik taparaq keçərdi. Daş döşəmələrin qədim soyuqluğunda qəribə bir sabitlik vardı; riyaziyyat kimi — dəyişməz, dəqiq, mübahisəsiz. Lakin bu səhər daşların səsi fərqli idi. Hər addım sanki divarlara dəyib geri qayıdır, onun arxasınca gəlirmiş kimi təkrar olunurdu, ürəyinin döyüntüsünə qarışaraq ritmini pozurdu.

Çantasının qayışını çiynində düzəldərkən barmaqlarının soyuqdan deyil, içindən qalxan o köhnə titrəyişdən əsdiyini hiss etdi. Hava ağır idi. Nəfəs aldıqca boğazında dumanın dadı qalıb yapışır, sanki şəhər öz hekayəsini ona danışmaqdan imtina edirdi.

Qəfildən qalxan külək, sanki dumanı bir anlıq araladı, yaddaş, uzun illərin dərinliyindən qalxan parlaq bir alov kimi Leylanın içini işıqlandırdı, xatirələr bir-birini əvəz edərək sinif otağını göz önündə canlandırdı.

Sinif otağında gün işığı vardı. Pəncərədən düşən işıq lövhənin üzərindəki ağ təbaşir xəttini daha da parlaq göstərirdi. “√25 =?” — misal yarımçıq qalmışdı. Arxa sıradan stulun ayağı taxtaya sürtüldü. Səs, adətən, diqqət çəkməzdi. Bu dəfə isə otaqdakı havanı kəsdi.

Sonra metalın partlamasına bənzər o qısa, kəskin səs gəldi. Divarlar titrədi. Təbaşir Leylanın əlindən sürüşüb yerə düşdü və ağ toz havada işığın içində asılı qaldı. Zaman uzandı; saniyələr ağır, qalın qatlara bölündü. Qulaqlarındakı uğultu bütün səsləri uddu. Şagirdlərdən kimsə qışqırdı, kimsə partanın altına əyildi.

Arxa sırada bir cüt göz vardı.

Həmin gözlərdə yalnız qəzəb yox idi. Qorxu, tənhalıq və izah olunmayan bir ümidsizlik bir-birinə qarışmışdı. O baxış bir anlıq Leylanın baxışı ilə toqquşdu. Baxışlar sanki pıçıldadı: bəzi uçurumlar insanın içində səssizcə böyüyür, heç kim fərq etmədən, gözlərin içində gizlənir.

Duman yenidən hər tərəfi örtdi.

Leyla daş divara söykəndiyini indi dərk etdi. Küçədə idi. İçərişəhərdə. Ürək döyüntüsü boğazına qədər qalxmışdı. Yanından keçən bir kişi telefonda danışırdı, iki turist xəritəyə baxaraq gülürdü. Şəhər həyatına davam edirdi.

Yalnız o səs dayanmaq bilmirdi. Leyla boynundakı yara izini yüngülcə sığalladı, xatirələrin kölgələrini başını yelləyərək aradan qovdu, addımlarını sürətləndirərək yoluna davam etdi; bu gün onuncu siniflərin imtahan günü idi.

Məktəbə az qalmışdı.

Duman hələ də çəkilməmişdi.

I FƏSİL: Çatlayan tənlik

Məktəbin dəhlizləri həmişə səhərlər fərqli səslənirdi. Şagirdlərin pıçıltıları, partaların sürtünməsi, uzaqdan gələn zəng səsi — bütün bunlar Leyla üçün əvvəllər canlı bir ritm idi. İndi isə o ritm ölçüsünü itirmiş bir musiqi kimi gəlirdi; ahəngi vardı, amma içində gizli bir çatlaq hiss olunurdu.

O, sinfə daxil olanda danışıq birdən səngidi. Bu sükut hörmət idi, yoxsa ehtiyat — bunu ayırd etmək çətin idi. Leyla lövhəyə yaxınlaşdı, kitablarını masaya qoydu və bir anlıq pəncərədən görünən boz səmaya baxdı. Duman burada da var idi; məktəb binas

...