Lindqren öz əsərlərində bütün dünyadakı böyükləri və uşaqları ovsunlayan xoşbəxt və son dərəcə cəlbedici sehrli uşaq aləmi yaratmışdır. Bu dahi isveçli ədibin yaradıcılığı bir çox nüfuzlu mükafatlarla təltif olunmuşdur. A.Lindqrenin kitabları dünyanın 91 dilinə tərcümə olunmuş, 145 milyonu aşan tirajlarla satılmışdır. Əgər kürəyində pər və kiçik motor olan Karlsonun nə oyunlar açdığını bilmək istəyirsinizsə, mütləq onun haqqındakı kitabı oxuyun — burada Balaca və Karlson barədə bütün hekayətlər toplanıb. Karlson çoxmərtəbəli binanın damında yaşayır və şirni yemək, oyun oynamaq üçün uçaraq Balacanın evinə arabir qonaq gəlir. Onun əqidəsi belədir: «Hər şey şən və məzəli olmalıdır, yoxsa oyun oynamaram…»