Gecə çox gözəl başlamışdı: kiçik salonda lampalar, güzgülər, qədəhlər bir-birində daim eyni parıltını əks etdirirdilər. Beş yoldaşdılar. Beşinin də əhvalı yüksələrək son həddə çatmışdı. Nə tapırdılarsa içir, gülüb-danışırdılar. Bununla belə, onlar kiçik yeməkxanada yalqız deyildilər. Masalarının qarşısındakı iki pəncərə arasında oturmuş iki cütlə ortadakı masada dörd kişidən ibarət qarışıq bir qrup da var idi. Sakit və öz aləminə qapılmış bütün müştərilər bu kefli adamlara əvvəlcə heyrətlə tamaşa edib, sonra kefli olmalarına rəğmən onlara əhəmiyyət verməməyə başladılar. Onsuz da bu beş yoldaşın ətraflarına çox baxmağa halları yox idi. Onlar öz aləmlərində idilər, ləzzətlə yeyib-içir və söhbət edirdilər. Heç bir-birlərinin nə dediklərinə qulaq asmırdılar. Ancaq hamısı çox gözəl şeylər danışdıqlarına əmin idilər. Ən çox içinə qapanaraq yaşamağa alışmış Abdullah Əfəndiyə gəlincə, o, gecənin gedişatından çox məmnun idi. Özünə bir növ yüngüllük gəlmiş, demək olar ki, dörd tərəfini belə vəziyyətlərdə bir dəmir çənbər kimi dövrələyən boğucu dar havalı şəxsiyyətindən azad olmuşdu. Bu cür adamlarda həmişə olduğu kimi, o da bu bənzəri olmayan zamanın dəyərini bilir və özünü digər insanlar arasında görməkdən çox məmnunluq duyurdu. Bəli, indi o da ətrafındakı şadyanalığa qatılmış, bir az əvvəl yeməkxanaya gələrkən olduğu ruh halından ayrılmanın həzzi içində danışır, əylənir, hətta kiçik və çox təcrübəli şəkildə dostlarını təqlid edirdi. Başqa sözlə, uyğun məqamda həmlə edir, yaxud da pusquda qalmağa çalışır, zarafatlaşır, həcvlər söyləyir xilqətdən qorxaq bir insanın təhlükəli bir gecə yolçuluğunda dəstənin ən önündə getməkdən duyduğu anlaşılmaz bir nəşə içində açıq-saçıq sözləri belə dilə gətirirdi. Ah, bir kor kimi ətrafını öyrənə-öyrənə, dörd bir tərəfi yoxlaya-yoxlaya getmək... Şübhəsiz ki, sabah səhər etdiyi bu əməllərdən iyrənəcək, bu gecəni israf edilmiş bir zaman kimi dərk edəcək və özünü alçalmış hiss edəcəkdi. Fəqət nə fayda, bir gecə üçün əfv edilər və əylənməyə haqqı olduğunu bilərək şüurlu surətdə əylənirdi. O halda bu əyləncənin dəyəri ikiqat idi.
Əslində Abdullah əfəndi ömrünün sonuna qədər daxilən olduğu kimi qalan, nəfsini bir an belə unutmayan, ətrafdakı havaya ən çox çıxan zaman belə, daxilində eyni alt mərtəbədəki hadisələri maraqla izləyən üst mərtəbədəki kirayəçi kimi guşəsində gizli, xəfiyyə, narazı və zalım ikinci bir şəxsin mövcudluğunu, onun zəhərli təbəssümünü inkar və özündən aşağı görməkdən xoşlanan qürurunu və hər an ruhunu hesab verməyə dəvət edən insanlardan biri idi. Ah, bu ikinci Abdullah Əfəndi, bu yuxarı mərtəbə sakini... Xeyr, o kirayəçi deyil, evin əsl sahibi, əfəndisi, hökmdarıydı. Zavallı Abdullah Əfəndi, bu səssiz müşahidəçinin baxışları altında həyatının bütün ləzzətlərinin birdən-birə zəhərə çevrildiyini ömrü boyu görəcəkdi. Ah, bir an üçün sərxoş ola, onu unuda bilsəydi! O zaman bütün işlər – hər şey dəyişəcək və Abdullah həm bu süfrədə, həm də həyatın bütün “süfrələrində” çox yeni bir adam olacaqdı.
Bu axşamın qeyri-adiliyi, bu təkəbbürlü ev sahibinin naməlum bir şəkildə duzlu və sərt tərəfini itirmiş, yumşalmış duyğusunu əks etdirməsində idi. Buna görə Abdullah Əfəndi geniş, ağır, sürüşkən halqaları bütün vücuduna doladıqdan sonra, zəhərli dişini can alacaq yerinə keçirməyə hazırlaşan bir ilanın ayaqlarının ucunda birdən-birə yatıb qaldığını görən bir çöl səyyahının inanılmaz sevinci içində qədəh-qədəh üstünə içirdi. Hamı onu bəyənirdi. Artıq bütün suallar bitmiş, böyük təriflər başlamışdı. Bütün bunları düşünərkən birdən-birə necə oldu ki, yeməkxanada olan başqa müştərilərə baxmağa başladı? Çox güman ki, daxilindəki baş verən bu dəyişikliyin izlərini ətrafda da görmək istəyirdi. Doğrusu, bunu sonralar heç özü də xatırlamadı; yalnız bildiyi bir şey vardı. Bu da o zaman qəribə, ağır bir yuxudan oyanaraq ağır bir yükü öz üzərindən atan insanlara məxsus bir yüngüllük içində olması idi. Ortada salonun bu hissəsini ikiyə bölən masanın müştəriləri getmiş, yerlərinə dik bığları və şaquli burnu ilə diqqətləri çəkən səfirliyin rəsmi geyimli bir şəxs, hərəkətlilikdən məhrum cüssəsiylə bir növ bostan müqəvvasına bənzəyən, qarabuğdayı bir kişi gəlmişdi. Abdullah Əfəndi bir müddət onun avtomat kimi yemək yeməsini, daha doğrusu, bu dik bığlı və taxta başın müntəzəm fasilələrlə, birdən-birə kəsilmiş kimi qarşısındakı böyük makaron boşqabına, enib sonra yenə qalxmasına tamaşa etdi. Bu həqiqətən görüləsi bir səhnə idi – müşahidəçi hər dəfəsində bu başın bir daha qalxmayacağı hissini yaşayır və insan bu qorxu içindəykən, birdən-birə iki dodağı arasında bir dəstə makaronla onun təkrar qalib və sakit şəkildə köhnə yerinə döndüyünü görürdü.
Sonra gözləri daha da irəliyə getdi. O, qarşısındakı pəncərə arasında oturan kişi ilə qadına – salona ilk girdiyi zaman gördüyü cütlərdən birincisinə baxdı. Bu, kiçik, zərif, hər istədiyində dodaqlarının nəmliyinə və gözlərinin işıltısına bir az daha çox məna verməyi bilən xanımlardan idi. Qarabuğdayı və çox şirin bir dərisi vardı. İki dirsəyini masaya dayayıb, mənalı baxışlarıyla qarşısındakı kişini dinləyirdi.
Boynunu müntəzəm şişirən nəfəsində, çiyinlərinin itaətkarlığında da, bütün vücudunun qarşısındakına aid olduğunu göstərən bir halı var idi. Öz-özünə:
– Budur, dedi, bu qarşımda oturan kişi, yəqin ki, tanıdığım insanların ən xoşbəxtidir. Bu qadın, sadəcə, iradəsiylə və ya bir anın istəyi ilə deyil, bütün üzvləri və həyatıyla onun... Başı, dodaqları, çiyinləri, sinəsi, nəhayət, bütün vücuduyla onu dinləyir... və həqiqətən ayaqlarından belə, toxunsam eyni diqqət və xoşbəxt təslimiyyətin şahidi olaram.
Bu inamla oturacağında bir az yana doğru əyilərək qadının ayaqlarına tərəf baxdı və elə o andan etibarən gecənin bütün ecazkarlığı, möcüzəsi, sehri qeyb oldu. Abdullah Əfəndi qəribə, söylənməsi mümkünsüz olan bir duruma düşdü.