Şairə Gilə Əliqızının imzası oxucularına yaxın illərdən tanışdır. Ölkə mətbuatında çap elətdirdiyi şeirləri və bir neçə şeir kitabı ilə ədəbiyyatımızın qapısnı döyən Gilə Əliqızının «Dünyada əmanətəm» adlı bu yeni kitabının əlyazmalarını oxudum və istər-istəməz öz təəssüratlarımı qısa da olsa, yazmaq istədim. Gilə Əliqızı əslən Laçın rayonundandır. Qarabağ münaqişəsi onun da taleyindən yan keçməyib. Amansız müharibənin minlərlə ailəyə vurduğu mənəvi yaradan Giləyə də pay düşüb. Özü də ən çox onun şair taleyinə yapışan dərd şəklində, ağrı görkəmində. Ayrılıqların məngənəsində, haqsızlıqların girdabında qalan zərif duyğulu şairənin erkən gəncliyinə ürcah olan qanlı-qadalı hadisələr Gilənin şeirlərindən yan keçməyib. Ömrü başa yetirdim, Ayrılığın izində. Dərdlərimi bişirdim, Ürəyimin közündə. Axtardığı mərhəmətin, insanlığın bu dünyanın gözündən düşdüyünü deyən şairənin bu misraları onun narahat dünyasından, zəmanəsindən şikayətlənən ürəyinin səsidir.