Əlaqənin təzahür etdiyi o biri mənadan isə bəlkə heç Tanrının da xəbəri yox imiş. Burada tərəflər bir-birinə qəlblərinə müvəqqəti hakim olmuş ehtiraslarını söndürmək üçün yaxınlaşırlar. Bu əlaqə insanların çoxu tərəfindən indi də qəbul olunmur və bunu Şeytanın yoldan çıxarması kimi anlayırlar.
«Get, mənim əziz Leopardım! Get, amma sənə dediklərimi də unutma! Bilirəm, sən maskalanmaqdan, başqa ad altında gizlənib, düşmənə tələ qurmaqdan açıq döyüşü daha üstün tutursan. Hətta belə döyüşlərdə dəfələrlə öz qəhrəmanlığını sübut etmisən. Mən heç inanmıram ki, təkbətək açıq döyüşdə sənə qalib gələ bilən bir igid tapılsın.
Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır. Əgər bu keyfiyyətləri də fiziki gücünlə birləşdirə bilsən, əmin ola bilərsən ki, qələbə həmişə sənin olacaq!»
(Məxfi şöbənin rəisi polkovnik Baratovun
Leopardı kəşfiyyata göndərərkən dediklərindən. Sentyabr 1993-cü il).
Aristotelin ziddiyyət qanununda deyilir ki, bir-birini inkar edən iki fikir eyni zamanda və eyni şəraitdə düzgün ola bilməz.