Eqoizmlə özünəsevgi heç də eyni mənalı məfhumlar deyil, hətta bir-birinə ziddirlər. Eqoist özünü həddən artıq çox yox, daha doğrusu, həddən artıq az istəyir, əslində isə o, özünə nifrət edir. Şəxsiyyət səmərəsizliyinin təzahürlərindən biri olan özünə maraq və qayğı çatışmazlığı onu bir qurd kimi içindən gəmirir. Eqoist, təbii ki, bədbəxtdir və həyatdan özü-özünü məhrum etdiyi nemətləri qoparmaq üçün qızğın şəkildə çapalayır. Kənardan elə görünür ki, o, özünə həddən artıq çox diqqət ayırır, əslində isə bu, onun şəxsiyyətinə olan qayğı çatışmazlığının bərpa olunmasına yönələn uğursuz cəhdlərdir.
Uşaq məhəbbəti “Mən sevildiyim üçün sevirəm” prinsipinə söykənir. Yetkin məhəbbətin əsasını “Mən sevdiyim üçün sevilirəm” prinsipi təşkil edir. Yetişməmiş məhəbbət “Sən mənim gərəyim olduğun üçün səni sevirəm”, yetişmiş məhəbbət isə “Sən mənə səni sevdiyim üçün lazımsan” kimi ifadə olunur.
Əksəriyyət üçün məhəbbət problemi özünün sevməsi, yəni sevə bilmək qabiliyyəti deyil, özünü sevdirmək bilmək problemidir