Dahi Nizami Gəncəvinin «Xosrov və Şirin» əsəri «Xəmsə»nin ikinci kitabıdır. Şair bu əsərdə məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaradıb. Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək adamını — Fərhad surətini dərin məhəbbətlə qələmə alıb, onu həm əmək, həm də eşq fədaisi kimi şahlara nümunə göstərib.