Dünya individuallığa qarşıdı. O hətta insanın təbiətinə də qarşıdı.
Ona canlı robot lazımdı; insan buna – robotluğa razı olduğu üçün bədbəxtliyə düçar olub.
Lakin unutma: insan robot deyil. Təbiət onu robot olaraq düşünməyib. İnsan robot kimi yaranmayıb. Ancaq təəssüf ki, təbiətin yaratdığı kimi yox, robot kimi yaşayır. Buna görə də həmişə özünə sual verir: “Nə çatmır axı? Yəqin mənə daha dəbdəbəli mebel lazımdı. Ya da evə daha gözəl pərdələr alınmalıdı. Bəlkə daha böyük evim olmalıdı. Ya bəlkə arvadı dəyişməliyəm, ya da işimi, ya da...”
Hər kəsdən gizlənmək olar, amma özündən heç vaxt. Ağlın dəyişməyincə dünya da dəyişməyəcək, həyat da dəyişməyəcək, heç nə dəyişməyəcək. Məsələ tərki-dünyalıqda deyil. Məsələ ağıldadı. Nə qədər ki stereotiplərlə, ümumi qaydalarla, kor-koranə yaşayacaqsan hara getsən də xeyri yoxdu. Ağıla tabe olmamaq – meditasiya budu.
Bədbəxt adamlar xoşbəxt adamlara dözə bilmirlər.
Bu gün heç kim günahı özündə görmək istəmir. Həmişə günahkar başqasıdı. Çünki sevilən də başqasıdı.
Gör generalların hərbi geyimlərində nə qədər əlvan zolaqlar var. Bu nə anlamsızlıqdı? General insanları məhv etdikcə zolaqların sayı artır.
Qadağa varsa, maraq da var, bunu yadında saxla
Adəm məsuliyyəti Həvvanın üstünə atır, Həvva ilanın, İlanın da dili olsaydı yəqin ki, Allahın üstünə yıxacaqdı hər şeyi.
Yadında saxla: İnsan nə müsəlman, nə xristian, nə kommunist olaraq doğulmur. Hər bir insan dünyaya tərtəmiz lövhə, Tabula rasa (boş lövhə – insan beyninin boş lövhə kimi doğulduğunu sonradan o lövhəyə təcrübəsi, biliyi sayəsində nələrsə yazıldığını iddia edən fəlsəfi görüş) kimi gəlir. O lövhədə nə Qurandan, nə Bibliyadan, nə Gitadan, nə Kapitaldan heç nə yazılmayıb. O lövhə bomboşdu
Torpaq bölgülü deyil, sərhədsizdi. Kələkbaz siyasətçilər xəritədə Yeri sərhədlərə ayırıblar. İnsan özünü xəritədəki cızma-qaraya qurban verir.
İnsan robotdu, çünki o ətalətdədi. O özündən əvvəlki insanların həyat tərzini yamsılayır. İnsan yaşamır, yaşam onun üçün ənənədi, vərdişdi.