İsgəndər Pala (1958) Uşakda doğulub, İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirib (1979), elmlər doktoru, professordur. Türk Silahlı Qüvvələrinin tədris qurumlarında və Uşak Universitetində müəllimlik edib. İstanbul Kültür Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirməklə bərabər, Mədəniyyət və Turizm nazirinin, həm də İstanbul Böyükşəhər Bələdiyyə başçısının müşaviri, Türkiyə Dil və Tarix Qurumu İdarə Heyətinin üzvüdür. Bir çox nüfuzlu mükafatlar sahibidir. «Uşakın xalq qəhrəmanı» adına layiq görülüb. Yazıçının Türkiyədə təxminən əlliyə yaxın kitabı çap olunub. Müəllifin türk Divan ədəbiyyatına dair dəyərli ensiklopedik lüğətləri, müntəxəbat və antologiyaları, orta məktəb, lisey şagirdləri üçün ədəbiyyat dərslik və dərs vəsaitləri var. Yazıçının dahi Füzulinin «Leyli və Məcnun» məsnəvisinin motivləri əsasında qurulan «Babildə ölüm, İstanbulda eşq» (2004), Osmanlı tarixinin Lalə dövrü hadisələrinin qələmə alındığı detektiv «Qətreyi-matəm» (2009), Şah İsmayıl və Sultan Səlim haqqında «Şah və Sultan» (2010), Yunus Əmrənin həyatı və sufi fəlsəfəsinə həsr edilən «Od» (2011) adlı bir-birindən maraqlı dörd romanı işıq üzü görüb. Əsərləri bir çox xarici dillərə çevrilib.