Görünür, beynimizdəki gizlin tənzimləmə mexanizmi elə güclü fəaliyyət göstərir ki, qəlbimizə yük olan, təhlükə törədə bilən şeylər onun təsirindən öz-özünə silinir
Qaralarla ağlar bir şəxsin simasında birləşəndə isə mənasız bir vəziyyət yaranır, eyni beyin eyni vaxtda bir şeyi həm bilmək, həm də bilməmək məcburiyyəti qarşısında qalır, ağlar kimi qarşıdaş mövqeyində çıxış edəndə bir dəqiqə öncə qara tərəfdaşın nə istədiyini, hansı niyyəti güddüyünü adicə bir əmrlə tamam unutmalı olur. Bu cür ikili düşünmə, əslində, şüurun tamam haçalanmasına, mexaniki cihazlarda olduğu kimi, beyin fəaliyyətinin istənilən anda yanıb-sönməsinə gətirib çıxarır; şahmatda özü özünə qarşı oynamaq, əslində, öz kölgəsi üstündən hoppanmaq kimi bir paradoksdur.
Hücumun, müdafiənin incəliklərini, bicliyini, kəsərini asta-asta başa düşdüm, öncədən düşünmək, kombinasiya qurmaq, kəskin əks-hücuma keçmək texnikasına yiyələndim, istənilən şeirdən bir-iki misra oxuyandan sonra müəllifinin kimliyini müəyyənləşdirdiyim kimi, hər bir şahmatçının fərdi oyun üslubundakı şəxsi çətinliklərə də tezliklə bələd oldum; sadəcə, vaxtı öldürmək üçün başlanmış məşğuliyyət indi bir həzzə çevrilmişdi və şahmat strategiyasının Alyoxin, Lasker, Boqolyubov, Tartakover kimi nəhəng simaları indi ən sevimli dostlarım təki tənhalığıma daxil olmuşdular.