Qadını dəyişmək istəyirsənsə, onunla hər şeydə razılaş, qadını anlamaq istəyirsənsə, o danışanda diqqətlə üzünə bax, ancaq dinləmə...
Sevgililər arasında problem yarananda əgər onlar gerçəkdən də sevirlərsə hər biri öz-özlüyündə düşünür: “Mən nəyisə düz eləmədim”.
Həqiqətən sevən adam belə düşünür və səbəbi özündə axtarır.
Hər ikisi bu cür düşünüb eyni hissləri yaşayırsa onların sevgisi getdikcə dərinləşəcək və münasibətlərində yüksəliş mütləq olacaq.
Bir-birinə “mən sənsiz yaşaya bilmərəm” deyirlər. Gerçəkdən də həmin an bu cür hiss edirlər, yaşadıqlarını dilə gətirirlər, olanı deyirlər. Amma onlar həyatın təbiətini bilmirlər hələ. Bilmirlər ki, zamanla hər şey dəyişir. Bəyəndikləri bu adam, bu qadın getdikcə dəyişir, başqa cür olur, kökdən və formadan düşür. Və ola bilir ki, indi dəlicəsinə sevdiyin, vurulduğun adamı illər sonra eyni tutquyla sevmirsən.
İllər keçir və insanlar başa düşürlər ki, tələyə düşüblər.
Onlar artıq bir-biri haqda hər şeyi bilirlər. İndi bildikləri əvvəllər sirli, bilinməz bir sahəydi. Artıq öyrəniləcək heç nə qalmayıb. Bütün maraq itib. Eyni sözlər, eyni hərəkətlər itələyici effekt yaradır. Qadın artıq sənə qıcıq olur. Bunu gizləmək üçün sən qapıdan içəri girən kimi yatağa girir, başını sarıyır, harasısa ağrıyır birdən-birə.