Azərbaycanın Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının 15 cildlik Seçilmiş Əsərlərinin 8-ci cildinə oxucular tərəfindən böyük maraqla qarşılanmış «Difai fədailəri» və «Akademikin son əsəri» adlı romanları daxildir. Bu romanların qəhrəmanlarını biri-birindən yüzillik məsafə ayırır; lakin onlar eyni ideyanın daşıyıcıları və vətənə xidmətdə eyni mövqedə dayanan insanlardır. Çar Rusiyasının «ayır-buyur» siyasəti sonucunda Güney Qafqazda iki qonşu xalq arasında başlanan düşmənçilik, daşnak-bolşevik birliklərinin Azərbaycanda törətdikləri qırğınlar və bu faciələrin qarşısını almaq üçün, başda Əhməd Ağaoğlu və Gəncə ziyalıları olmaqla, yaradılan müqavimət hərəkatı «Difai fədailəri» romanında ilk dəfə olaraq geniş bədii əksini tapmışdır. «Akademikin son əsəri» isə Azərbaycanda yüz il boyunca davam edən genetik savaş və bu savaş tarixini araşdıran böyük alim, müharibə qəhrəmanı Ziyad Şıxlının mürəkkəb həyat yolu haqqındadır. Hər iki əsərdə ictimai hadisələrin içindən keçən son dərəcə təsirli və zərif sevgi süjetləri də yer almışdır.